Azərbyacanın 20 faiz torpağı işğal altındadır və 23 ildir münqaişənin ədalətli həlli təmin olunmur. Bugünə qədər bunun səbəbləri haqqında çox danışılıb, yazılıb. Həmişə də hökumətin mövqeyində qeyri-səmimilik müşahidə olunub. Ictimai rəydə də belə fikir formalaşıb ki, mövcud hakimiyyət üçün önəmli olan Qarabağ yox, hakimiyyət kürsüsüdür.
Bu yazını yazmaqda məqsədimiz Qarabağ münaqişəsinin həll variantlarını təklif etmək deyil. Sadəcə olaraq ötən gün hökumət mətbuatlarında getmiş iki yazıya münasibət bildirmək istəyirik. Ona görə ki, hər iki materialın Qarabağla əlaqəsi var.
Birincisi “Azərbaycanın 2016-cı il üçün hərbi xərcləri Ermənistanın bütünlüklə dövlət büdcəsindən artıq olacaq” başlıqlı yazıdır. Ikincisi isə Türkiyə-Rusiya münasibətlərindəki gərginliklə bağlı “Biri qardaş, biri dost” başlıqlı yazıdır.
Bəli, hər iki yazını Azərbaycanın ərazi bütövlüyü, Qarabağın işğalı ilə əlaqələndirmək olar.
Təbii ki, Azərbaycanın hərbi büdcəsinin düşmən ölkənin dövlət büdcəsindən çox olması sevindiricidir. Insan bu statistika ilə qürurlanmaq istəyir. Amma təəssüf ki, uzun illərdi eyni informasiyanı eşidirik və bu üstünlüyün nəticəsini görmürük. Hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən çox olması özünü nədə göstərib? Bir qarış torpağı geri ala bilmişikmi?
Əksinə, atəşkəs dövründə minlərlə əsgərimiz həlak olub. Hər gün “atəşkəs 90, 100, 120 dəfə pozulub” xəbərlərini eşidirik. Üstəlik, Müdafiə Nazirliyindəki korrupsiyadan, nazirliyin əsas idarə rəsilərinin qanunsuz əməllərindən xəbər tuturuq. Bu qədər büdcəyə rəğmən, normal hərbi sistem yaradılmayıb. Insanalr hərbi xidmətdən yaynımağın yolarını axtarır. Valideynlər övladlarını müəyyən pul qarşılığında nisbətən yaxşı yerlərə saldırmaq istəyir. Əgər əsgərin qidalanması, təhlükəsizliyi, həqiqi hərbi xidmət etməsi üçün şərait təmin edilmirsə, bu qədər büdcənin nə anlamı var? Əgər, hərbi büdcəmizin çox olması heç bir parametr üzrə inkişafı təmin etməyibsə, əksinə bu sahədə də yeyintiləri stimullaşdırıbsa, bu büdcənin artması ilə öyünmək olmaz. Fakt budur ki, hərbi büdcəsi Azərbaycanla müqayisədə çox az olan Ermənistan, nə bir addım geri çəkilir, nə silahını susdurur.
Deməli, hərbi büdcənin çoxluğu, torpaqların azadlığına xidmət etmir. Birdə ki, biz niyə heç bir resursu olmayan Ermənistanla müqayisə aparırıq? Doğurdan da analoqsuz inkişaf ediriksə, Avropa ölkələri ilə müqayisə aparaq. Amma fakt budur ki, ərazisi və əhalisi Azərbaycandan dəfələrlə az olan ölkələr var ki, büdcəsi 100 milyardlarla ölçülür. Bir sözlə, 23 ildir hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən çox olması, heç bir uğurla nəticələnməyib.
“Biri dost, biri qardaş” məsələsinə gəlincə, bu məsələ daha biabırçıdır. Tükiyəninin qardaşlığını başa düşdük. Əsrin əvvəlində Bakını işğaldan azad ediblər, minlərlə şəhid veriblər. Azərbaycana nə vaxt təhdid yaranıbsa Türkiyə mövqe bildirib. Qarabağın işğal faktına görə bu gün də Türkiyə Ermənistanla sərhədləri bağlı saxlayır. Ən əsası dilimiz, dinimiz, millətimiz birdir.
Bəs, Rusiyanın dostluğu nədə ifadə olunur? Xocalıda günahsız insanların qətlə yetirilməsi, yoxsa 20 yanvarda dinc vətəndaşların üstünə tank sürülməsi qardaşlığın göstəricisidir? Bəlkə, qondarma erməni soyqırımı abidəsinə əklil qoymaq, Ermənistana 200 milyonluq silah-sursat vermək, Ermənistanın hava məkanının müdafisəini öz üzərinə götürmək, dostluq əlamətidir?
Əslində hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən çox olduğu halda qələbə qazana bilməməyimizin əsas səbəbi, “dost” Rusiyadır. Rusiya heç vaxt istəməz ki, münaqişə Azərbaycanın xeyrinə həll olunsun. Yəni, bugünə qədər Rusiyanın dost jestini görməmişik. Bir dəfə də olsun Rusiya hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Bugünlərdə isə Rusiya Dumasında qondarma erməni soyqırımı ilə bağlı layihə müzakirəyə çıxarılır. Bu qanun layihəsinin təsdiqi, qondarma erməni soyqırımını inkar edənlərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.
Bizim “politoloq”lar isə Türkiyə ilə Rusiyanı eyniləşdirməklə məşğuldular.
Bir sözlə, nə qədər ki, boş statistik rəqəmlərlə öyünüb, işğalçı Rusiyanın çətirinə sığınacağıq, torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik. Rusiyanı müdafiə cəhdləri, hərbi büdcə ilə öyünmək təbliğatı, yalnız hökumətin şəxsi maraqlarına xidmət edə bilər.
Samir