Hökumətyönlü deputat növbəti Elşad Abdullayevlərin ortaya çıxa biləcəyini etiraf etdi
Hələ də gündəmin əsas mövzusu MTN-də baş verənlərdi. Məsələyə istənilən reaksiya yeni müzakirələrə yol açır. Hətta Mədət Quliyevin “MTN əməkdaşlarının 99 faizi saf, təmiz, vicdanlı adamlardı. Azərbaycan xalqı MTN-ə inanır” açıqlaması da ciddi müzakirə mövzusuna çevrildi. Ötən yazılarımızda da qeyd etmişdik ki, bu məsələnin dərinləşməsi hökumətin maraqlarına ziddir. Çünki, hökumət başa düşür ki, ilmələr söküldükcə komanda tamamilə çılpaq vəziyyətdə qalır. Onu da qeyd etmişdik ki, son günlər mətbuata basqıların artması, bu məsələ ilə bağlı informasiyaların məhdudlaşdırımasına cəhd edilməsi, hakimiyyətin öz ifşasından qorxduğuna görədir.
Bu mənada millət vəkili Zahid Orucun mətbuata açıqlamasında da maraqlı məqamlar var: “Gizli informasiya daşıyıcıları olan, hətta kimlərinsə şəxsi həyat sirlərini bilən MTN-çilər müəyyən bir zəmində sahib olduqları məlumatları dövriyyəyə buraxa bilərlər. Bu da ölkədə insanların bir-biri ilə üzləşməsinə, qarşıdurmalara, kompromat müharibələrinə səbəb olar. Yəni Elşad Abdullayevlərin sayı artar. Belə olmasın deyə, bəzi məsələlərə həssas yanaşmaq lazımdır. Axı MTN bir səhiyyə qurumu deyil, ölkənin milli mənafelərini qoruyan çox mühüm məxfi xidmət orqanıdır. Ilk növbədə həmin vəzifəni həyata keçirən və gözəgörünməz cəbhənin təmsilçiləri elə addımlar atmalıdırlar ki, ölkə daxilində və xaricində MTN-ə qarşı formalaşmış bədbinliyi aradan qaldıra, qurumun əvvəlki etibarını geri qaytara bilsinlər”- deyə Zahid Oruc bildirib.
Deməli, hökumət daxilində həqiqətən də bir qorxu yaranıb və bu da kompramatlarla bağlıdır. Təbii ki, öz fəaliyyətindən arxayın olan, atdığı hər bir addımın məsuliyyətini dərk edən, qanunsuz əməllər törətməmiş şəxslər heç vaxt kompramat dərdi çəkməz. Amma Azərbaycanda vəziyyət elədir ki, həm bu sistemdə işləyib, həm də təmiz qalmaq müşkül məsələdir. Əgər korrupsiya dövlət siyasətinə çevrilibsə, bütün seçkilər saxtalaşdırılrısa, qanunlar adi kağız parçasına dönübsə, səlahiyyətli şəxslərin bioqrafiyasında ləkələrin olması təbiidir.
Millət vəkili də bu xəbərdarlığı edir ki, çox dərinə getmək təhlükəlidir. Heç kimə sirr deyil ki, hansısa MTN əməkdaşı hər hansı əməliyyatı şəxsi istəyinə görə həyata keçirmir. Yəni kiminsə evinə kamera yerləşdirmək, kiminsə cibinə narkotika atmaq, kiməsə təcridxanada işgəncə vermək sifarişlə edilir. Xüsusilə siyasi xarakterli ssenarilər birbaşa yuxarıda yazılır. Yəni müəyyən sirlərin açılması hakimiyyətdəkilərin başında çatlaya bilər.
Bir sözlə, hökumət indiki mərhələdə kompromatların üzə çıxmasından narahatdır. Həm də əminlik var ki, belə kompromatlar çoxdur. Deməli, ölkə başçısının da dediyi kimi, “yavaşlamaq” lazımdır. Əgər bu adamlar hamını dinləyiblərsə, deməli, hamının məhrəminə şahidlik ediblər.