Ya da farsa-rusa xoş görünmək istəyənlər haqqında
Rusiya prezidenti Vladimir Putin Azərbaycana iki il öncəki səfərində hərbi gəmilərlə gəldiyi halda, Irana əlində “Quran”la getdi. Bizə Rusiyanın gücünü – zorunu nümayiş etdirdi, farslara isə tolerantlığını…
Amma Bakıya ilk səfərində bizimlə də mərhəmətli davranmışdı. O zaman ehtiram əlaməti olaraq Şəhidlər xiyabanına maşınla yox, piyada getmiş və məzarlar üzərində diz də çökmüşdü. Bakıda şeyxülislamla da görüşmüş və şeyximiz ona qələm bağışlamışdı. Amma, noolsun, o vaxtdan on beş il ötdü, Putin isə Bakıda verdiyi sözün üstündə durmadı; rusların erməni-müsəlman işinə qarışmasına son qoymadı, əksinə, işğalçı ermənilərlə strateji müttəfiqə çevrildilər, onları Azərbaycandan müdafiə edəcəklərinə rəsmən söz verdilər. Biz isə Putinin ona hədiyyə olunan qələmlə Qafqazda sülh müqaviləsi imzalayacağını düşünürdük.
Putinin Bakıya iki il öncəki səfəri Rusiyaya güvənməyin axmaqlıq olduğunu bir daha təsdiqlədi. Dediyimiz kimi, üstümüzə hərbi gəmilərlə gəldi; gedəndən sonra da gəmilərini yığışdırıb aparmadı, hələ də Xəzərdə var-gəl edirlər… Terroru bəhanə edib həmin gəmilərdən başımız üstündən Suriyaya raket yağdırırlar.
Əlində “Quran” tutan Iran isə Rusiyanın müsəlman torpaqlarını necə bombardman etməsini sakitcə seyr edir. Ruslar “kafir”, farslar müsəlman olsalar da, onları Suriya torpaqlarında özəl maraqlar birləşdirir; eynən, ermənilərin işğalında qalan Azərbaycan torpaqlarındakı kimi… Noolsun, Putin Irana “Quran”la getdi, bu o demək deyil ki, Rusiya müsəlmanlara dostdur. Bu, Putinin özününümayişidir: “Qoy, dünya görsün, Avropa müsəlmanlarla necə davranır, Rusiya necə…”
Ancaq həmin Rusiya dolayı yolla Suriyadakı müsəlmanları “bomba yağışına” tutur. Nə sirdirsə, ruslar Irandan qayıdandan sonra Suriyada terrorçu adı altında türkmanları özəlliklə hədəfə götürür, onları dədə-baba torpaqlarından didərgin salmaq üçün canfəşanlıq edirlər… Ermənistanda və onun işğalında olan Qarabağda Azərbaycan türklərinin izini sildikləri kimi Suriyada da eyni işi görmək istəyirlər. Həm də nəzərə alaq ki, Suriya türkmanları əslində azərbaycanlı sayılırlar, bizimlə eyni soydandır və eyni ləhcədə danışırlar?!
Budur, rusun farsnan ortaq marağı: Rusiya və Iranda əhalinin milli tərkibinə görə ikinci yerdə türklər olduğu halda, hər iki ölkə antitürk siyasətini öz hüdudlarından kənarda da davam etdirir. Onlar Türkiyənin Suriya türkmanlarına sahib çıxmasını da həzm edə bilmirlər. Türkiyənin rus qırıcı təyyarəsini məhv etməsini isə Rusiya “arxadan zərbə” sayır. Ruslarsa ermənilərin əli ilə illərdir Azərbaycana xəyanət edirlər.
Rusiya-Iran bir medalın iki üzüdür. 2001-ci ildə Xəzərdə Iran hərbi gəmilərinin bizə necə hücüm etdiyini də unutmuruq. O zaman Azərbaycan türklərinə də Türkiyə şahinləri – “Türk ulduzları” dəstək vermişdi.
Təəssüf, ölkəmizdə Iranın təsirilə hərəkət edən dairələr Türkiyəyə yox, Rusiyaya haqq qazandırırlar?! Onlara məxsus saytlara baxın, yazırlar ki, Suriyada türkmanların qətliamı təhlükəsi yalandır, Türkiyə mediasının təbliğatıdır; guya, Rusiya qırıcıları türkmanları yox, Türkman bölgəsində yerləşən terrorçuları hədəfə alıb və umumiyyətlə, orada dinc insanlar yaşamır… Bəlkə, Türkiyənin Suriyada türkmanlara hücumların müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb etməsi, Rusiyanın Türkiyədəki səfirinə Suriyada türkmanların bombardmanına görə etiraz notası təqdim etməsi də yalan və əsassızdır?!
Ancaq, biriləri də var ki, ruslara xoş görünmək üçün hətta “Türkiyə Rusiyadan üzr istəməlidir!” deyirlər… Bu, əslində, yekəxanalıqdır! Bunadək rus qırıcılarının Türkiyə hava sərhədlərini düz iki dəfə pozduğunu, türklərin onları məhz “qonşuluq və dostluğu” nəzərə alaraq vurmadıqlarını dilə gətirməmək isə riyakarlıq!
Indiyədək Azərbaycana vurduğu zərbələrə görə Rusiyadan üzr istəməsini tələb etməyə cəsarəti çatmayanlardan gözlənilən də elə bu idi… Görəsən, belələri heç olmasa xəlvətdə özlərinə sual verirlərmi ki, rusun ərəb torpağında nə işi var?! Yoxsa, rusların Gürcüstan və Ukrayna torpaqlarına basqınını da xatırladıb dilə gətirməkdən qorxurlar?
Şövkət Məmməd