İngiltərənin “Guardian” qəzeti Rusiya ilə Türkiyə arasında yaranan gərginlik barədə yazısında Moskvanın ünvanına qıcıq doğuracaq ifadəyə yol verib.
Qəzetin Moskva müxbiri olan Şon Uolkerin hazırladığı yazıda qeyd olunur ki, Rusiya hərbi təyyarəsinin vurulmasına görə çox hikkəlidir, amma “hürən it tutmaz”. Müəllifə görə, Moskva böhranın nəzarətdən çıxmasına imkan verməyəcək və Ankara ilə diplomatik əlaqələri kəsməyəcək.
Yazının başlığı da çəkilən misala uyğun qoyulub: “Moskva hikkəli, amma hürən it tutmaz”
Müəllif qeyd edir ki, Koreya müharibəsindən bəri ilk dəfədir bir NATO ölkəsi Rusiya təyyarəsini vurur.
Uolker Rusiyanın rəsmi xəbər agentliyi olan “Sputnik”in Türkiyəni “NATO-nun xəstə adamı” adlandırmasına və “Ərdoğanın çılğınlığı 3-cü dünya müharibəsinə səbəb ola bilər” xəbərdarlığına diqqət çəkir. Bildirir ki, belə kəskin ifadələrə baxmayaraq, Rusiyanın “sətir arasında ötürdüyü mesajlar” böhranı dərinləşdirməyəcəyini göstərir.
“Açıq görünür ki, Rusiya Türkiyəyə çox qəzəbli olsa da, vəziyyətin daha da pisləşməsini istəmir. Diplomatik əlaqələrin kəsilməsi masada yoxdur”, – deyə müəllif yazır.
Uolker Rusiya prezidenti Putinin təyyarə vurulnadan dərhal sonra “Bu hadisənin Türkiyə-Rusiya əlaqələrinə çox ciddi təsiri olacaq” deməsini xatırladır və əlavə edir ki, indiyə qədər “bəyanatlar əməli addımların önündə gedir”.
Müəllif Rusiyanın bəzi deputatlarının Dumaya “erməni soyqırımı” iddiasını inkar etməyin cinayət sayılması ilə bağlı layihə təqdim etməsinin təsadüf olmadığını da yazır. “Guardian” müxbirinə görə, Rusiya bəzi türkiyə yetkililərinin İŞİD-ə gizli də olsa, dəstək verdiyi barədə iddiasını əsaslandırmağa, Türkiyəni bu istiqamətdən çətin vəziyyətə salmağa çalışacaq.
Aydın Taş, Ankara