Ölkə başçısı parlamentdə olmayan inkişafdan danışdı
Noyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası keçirilib. Ölkə başçısı Ilham Əliyev iclasda iştirak edib və geniş nitq söyləyib. Daha doğrusu formalaşdırdığı parlamentin təyinatlılarına mesajlarını verib. Yəni parlamentarilərə “mən sizə söylədiklərimi siz də xalqa söyləyin” deyib.
Ölkə başçısı əvvəlcə bildirib ki, noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilib.
Daha sonra qeyd edib ki, ölkədə bütün azadlıqlar – söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur.
Bəli, ölkə və dünya ictmaiyyətinin boykot etdiyi, yüzlərlə seçki saxtakarlığının qeydə alındığı, seçiləcək şəxslərin kimliyinin öncədən məlum olduğu bir seçkini, ölkə başçısı “xalqın iradəsi” kimi təqdim edib. Üstəlik, jurnalistlərin, hüquqşünasların, siyasətçilərin, din adamlarının şərlənərək həbs olunduğu ölkədə bütün azadlıqların təmin edildiyini bildirib. Bu gün ölkədə 100-ə yaxın siyasi məhbus var və bütün beynəlxalq təşkilatlar bu şəxslərin azadlığını tələb edir.
Amma ölkə başçısının fantastik fikirləri seçkilər və azadlıqlar haqqında dedikləri ilə yekunlaşmır.
O həmçinin bildirib ki, son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir, ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır,ÿson illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır, yoxsulluq və işsizlik sahəsində böyük uğurlara imza atmışıq və bəzi ölkələr bizdən nümunə götürür.
Həqiqətən də insan bu sözləri eşidəndə təəccüblənir. Axı ölkə başçısı bu qədər real olmayan fikirləri necə səsləndirə bilər, bunun məsuliyyətini hiss etmirmi?
Söhbət hansı uğurdan gedir? Ixracatı 52 faiz azalmış, 2.5 milyon vətəndaşı borc içində boğulan, iqtisadiyyatı neftdən asılı olan, təhsil, səhiyyə, hüquq sistemi bərbad vəziyyətə düşən, büdcəsi 5 milyard azalma ilə təsdiqlənən bir ölkədə hansı uğurdan danışmaq olar? O hansı ölkədir ki, Azərbaycandan nümunə götürmək istəyir? Hətta kartof-soğana olan ehtiyacını da yerli sitehsal hesabına ödəyə bilməyən bir ölkədə, sürətli inkişafdan danışmaq biabırçılıq deyilmi?
Avropa Birliyi, ATƏT, AŞ PA Azərbyacandakı seçki saxtakarlığından danışır, dünyanın nüfuzlu ölkələri Azərbaycandakı korrupsiyanı, inhisarçılığı, azadlıqların boğulmasını dilə gətirir, ölkə başçısı isə etibarlı tərəfdaş olduğumuzu söyləyir. Gecə-gündüz hökumət təmsilçiləri, telekanallar, rejim mətbuatı Avropanı, ABŞ-ı söyməklə məşğuldu, dünyanın Azərbyacana qarşı qərəzli olduğunu, paxıllıq etdiyini tirajlayırlar. Əgər Azərbyacan doğrudan da etibarlı tərəfdaşdırsa, bu “qara kampaniya”nı nə ilə izah etmək olar?
Sosial vəziyyətin ağırlığına görə hər gün intihar xəbərləri eşidirik, işsizlik səbəbindən milyonlarla vətəndaş ölkə xaricinə pənah aparıb, Azərbaycanın rayonlarında, kəndlərində cavan adamlar qalmayıb, hər gün hansısa dövlət müəssisəsində ixtisar baş verir, ünvanlı sosial yardım alanların sayı artır. Bütün bunlardan sonra yoxsulluğun və işsizliyin azalmasından, sürətli inkişafdan danışırlar. Birdə ki, bir müddət əvvəl ölkə başçısı özü demişdi ki, vəziyyət ağır olacaq. Necə olur ki, həm vəziyyət ağır olur, həm də sürətli inkişaf davam edir?
Amma ölkə başçısının Milli Məclisdə səsləndirdiyi fikirlər arasında həqiqətlər də yer alıb. Bu geniş nitqdəki həqiqətlər bunlardan ibarətdi. Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur, daxili təhlükəsizliyə diqqəti artırmalıyıq və neftin qiymətinin düşməsi məmurlarda stress yaradıb.
Qarabağ məsələsində vəziyyət aydındır. Daxili təhlükəsizlik məsələsi isə hökuməti həqiqətən də narahat edir. Başa düşürlər ki, dediklərindən fərqli olaraq reallıq acınacaqlıdır. Sosial-iqtisadi vəziyyət ağırlaşdıqca, əhalinin narazılığı artır və hakimiyyətə qarşı aqressiya güclənir. Ona görə də ölkə başçısı daxildə nəzarətin gücləndirilməsini prioritet hesab edir. Məmurların stress keçirməsinə gəlincə, bu da həqiqətdir. Ölkə başçısı bilir ki, komandanı birləşdirən dəyər puldur. Indiki halda isə pul axını azalıb və bu da sərvət ovçularını hiddətləndirir. Pulun azalması komandanı parçalaya bilər və bunun ilkin simptomları görünür. Ona görə də ölkə başçısı məmurlara təsəlli vermək istəyir ki, təmkinli olun, yaxşı olacaq.
Bir sözlə, ölkə başçısının Milli Məclisdə söylədikləri ölkə reallığının, statistik rəqəmlərin əksini ifadə edirdi. Deməli, hökumətin yalan təbliğatı bundan sonra da davam edəcək. Ölkə başçısı da bu mesajı verdi ki, geriyə yol yoxdur və inkişafdan danışmağa davam edin.
Samir