Yazıçı Zümrüd Yağmur AYB-nin katibi Rəşad Məcidin və deputat Aqil Abbasın yerli mətbuata verdiyi “Türkiyə Rusiyadan üzr istəməlidir” açıqlamasını pisləyib. O feysbuk səhifəsində bu mövzuya toxunaraq yazıb:
“Rəşad Məcid və Aqil Abbasın düşüncələrini ciddi qəbul etmədiyimdən dəyərləndirmək belə istəmirəm. Düzünə qalsa, onların ciddi-ciddi Türkiyə-Rusiya münasibətlərini şərh etmə çabalarına da ironik yanaşıram. Hələ Aqil Abbasın Putinlə Ərdoğanın çörək yeyib, su içməsindən bəhs etməsini oxuyanda bu məmləkətə lap yazığım gəldi. İndi siyasəti yeyib-içmək səviyyəsində anlayan bu adam ölkənin yazarıdır yəni?
Rəşad Məcidə gəlincə, hər şey ortada, adam illərdir özü haqqında hər şeyi deyib zatən. Bizə zəhmət vermək istəməyib yəni…
İnanın, məsələ bu adamların Türkiyə və Rusiya arasında yaşanan gərginliyə bu şəkildə münasibət bildirməsi də deyil. Amma yaltaqlanmağı belə riyaya büküb “səmimi” etməyə cəsarətlərinin çatmamasını, güya bununla Türkiyənin təssübünü çəkdiklərini nümayiş etdirmək cəhdi insanın ürəyini ağrıdır. Yazarın ürəyi köləlikdən, dili riyadan tökülübsə, qəlbində yaltaqlığa heykəl qoyubsa o necə əlinə qələm alıb millətin aydını olmaq iddiasına düşür? Bu haqqı necə tanıyır özünə?
Yeri gəlmişkən, axı ölkənin “dahi” yazarları siyasətə qarışmırdı, indi nə oldu ki, bunlar danışdı?
Adi vətəndaş mövqeyi göstərməyə cəsarətləri çatmayan və bunu da güya siyasətin fövqündə olmaq kimi təqdim edənlərin bu “siyasətçilik” azarını mən anlaya bilmədim.
Yazıq, yazar olmaq bu qədərmi ucuzlaşıb, bayağı və dəyərsiz olub bu ölkədə?!”