İlham Əliyevin sərəncamı komitə sədrinə rəqiblərini «vurmaq» fürsəti verib
Prezident tərəfindən imzalanmış müvafiq sərəncam ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun təsdiq olunub. Sərəncamla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərarvermə ilə əlaqədar cəzalar sərtləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, artıq sərəncamın icrası ilə bağlı müvafiq monitorinq-araşdırma tədbirlərinə başlanılıb. Torpaqların təyinatı ilə bağlı qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər gücləndirilib. Yaradılmış monitorinq qrupları tərəfindən respublikanın müxtəlif bölgələri, eləcə də Bakı və Abşeron üzrə torpaq reydlərinə start verilib. Belə qruplar paralel olaraq bütün ölkə üzrə torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması, təyinatına zidd istifadə və torpaq sahələri barədə qanunsuz qərarların verilməsi faktlarını araşdırır.
Komitənin məlumatında bildirilir ki, kənd təsərrüfatlı torpaqlarda qanunsuz yaşayış evi və ya digər obyektlərin tikintisi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, dövlət torpaqlarının zəbt olunması kimi hallar müəyyən edilir: “Belə qanunsuz hərəkətlər nəticədə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsinə maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Müvafiq qurumlar tərəfindən torpaq sahələri özbaşına olaraq təyinatı nəzərə alınmadan istifadəyə, icarəyə və ya mülkiyyətə verilir. Zəbt olunmuş sahələrdə qanuna zidd olaraq tikintilər aparılır, özbaşına istifadə hallarına yol verilir. Belə qanunsuzluqlar sonda narazılıqlara səbəb olur və mülkiyyət barədə hüquqi mübahisələrə yol açır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə, eləcə də qeyd olunan Sərəncama əsasən tədbirlər görülür. Inzibati sanksiyalar tətbiq olunur, konkret məsuliyyətə cəlb olunma və ya sərt cəza tədbirlərinin tətbiqi ilə bağlı qərar verilir”.
Belə monitorinqlər Komitənin torpaq sahələrinə nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir. Komitənin yeni Əsasnaməsinin təsdiqindən sonra start verilən belə torpaq monitorinqləri dövlət başçısının Cinayət Məcəlləsinə dəyişikləri nəzərdə tutan Sərəncamından sonra daha da intensivləşib. Məqsəd respublikada torpaq qanunvericiliyinin daha ciddi şəkildə qorunması ilə dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır.
Adı çəkilən Sərəncam Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılmasında da mühüm əhəmiyyətə malikdir. Belə ki, Sistemdə hər bir torpaq sahəsinin təyinatı, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, mühafizə zonaları, tikintilər və onların xarakteristikası barədə müfəssəl məlumatlar toplanacaq ki, bu da mükəmməl hüquqi baza və ciddi nəzarət mexanizmi olmadan çox çətindir. Belə Sistemin yaradılması məqsədilə hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların elektron kadastr uçotuna alınması işi həyata keçirilir. Ərazilərin rəqəmsal xəritələri hazırlanır, torpaq informasiya bankı formalaşdırılır. Bu Sərəncamın verilməsi ilə torpaq sahələri barədə yol verilən qanunsuzluqlar və özbaşınalıqların qarşısı alınacaq ki, bu da Sistemin yaradılması işini sürətləndirəcək. Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları Infrastrukturunun formalaşmasında mühüm rol oynayacaq.
Sərəncamın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyətini digər aidiyyəti qurumlarla da əlaqələndirir. Yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaq qanunvericiliyinin ölkə üzrə daha effektiv qorunmasına imkan verir.
Bu sərəncam Kərəm Həsənova rəqiblərini “vurmaq” üçün fürsət verir. Güman ki, komitə sədri də bu fürsətdən istifadə edəcək. Və prosesdə xeyli sayda məmurun sıradan çıxaracağı şübhəsizdir.