Devalvasiyadan sonra Azərbaycan banklarının problemli kreditləri artır. Eyni zamanda, bankların müştəriləri ilə məhkəmə çəkişmələri də çoxalıb.
Mərkəzi Bankın son məlumatına görə, kredit təşkilatlarında ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 353,8 milyon manatdır. Bu, 19 milyard 113.5 milyon manat olan cəmi kredit qoyuluşlarının 7,1%-nə bərabərdir.
Bank sektorunun nümayəndələri bildirirlər ki, hazırda bankların qarşısında duran ən böyük problem ödəmə vaxtı keçən kreditlərin sürətlə artmasıdır.
“NİZAM-İMTİZAMLI MÜŞTƏRİLƏR BELƏ KORLANIR”
Azərbaycanın iri banklarından birinin filial müdiri “Marja”ya bildirdi ki, bir çox məsuliyyətli müştərilər belə borclarını ödəyə bilmirlər.
“Vaxtı ilə kredit borcunu vaxtı-vaxtında ödəyən bir çox müştərilər bu gün borcu gecikdirirlər. Səbəb onların da gəlirlərinin azalması və ya iş yerlərini itirmələridir. Hətta bəzi müştərilər öz əmlakını sataraq bankın borcunu qaytarmaq istəyir. Lakin indi əmlakın satışı çətinləşdiyindən bunu edə bilmirlər. Bir müştərimiz, əvvəllər 100-110 min dollar qiyməti olmuş mənzilini bu gün 80 min dollara sata bilmir. Gərək müştəri əmlakını sata bilsin ki, bizə borcunu ödəsin. Çıxılmaz vəziyyət yaranıb”.
Filial müdiri bildirdi ki, borclu müştərinin işini məhkəməyə vermək və məhkəmə qərarı ilə əmlakını müsadirə etmək və ya müəyyən məhdudiyyətlər tətbiq etmək banklara sərf etmir. Birincisi məhkəmə icraatçıları məhkəmə qərarlarını icra etdirməyi çatdırmırlar. İkincisi də müsadirə edilmiş əmlakı satmaq çətindir.
“Məhkəmələr banka borcu olanların əmlakının müsadirə edilməsi barədə minlərlə qərar çıxardıblar. Bu gün məhkəmə icraatçıları həmin qərarları icra etməyi fiziki olaraq çatdırmırlar. Qərarların icra edilməsi aylarla çəkir. Digər tərəfdən müsadirə edilmiş əmlakı satmaq çətindir. 30 min dollar qiymətləndirilmiş avtomobili bu gün 20 min manata satmaq olmur. Əmlakı satsaq belə müştərinin borcunu kompensasiya edə bilmirik”.
“FİZİKİ OLARAQ ÇATDIRMIRLAR”
Problemli kreditlərin yığılması ilə məşğul olan “Azcoll” kollektor şirkətinin direktoru, hüquqşünas Pərviz Məmmədov bildirib ki, məhkəmə icraatçılarının məhkəmə qərarlarını fiziki olaraq çatdırmadığı barədə deyilənlər doğrudur:
“Bir bank məhkəməyə 500-1000 civarında iş göndərir. İcraatçılar yalnız bankların borclarının alınması ilə məşğul olmurlar. Aliment, torpaq, əmlak mübahisələri, şirkətlər arasındakı mübahisələr və s, eyni zamanda cərimələrin yığılması ilə də icraatçılar məşğul olurlar. Həmçinin icraatçıların əvvəlki illərdən qalmış işləri olur. İcraatçının borcluya bildiriş göndərməsi, dəvət etməsi kimi görəcəyi 10-a yaxın proses var. Bunlar hamısı nəzərə alındıqda hər bir rayonun İcraat şöbəsindəki 6-7 icraatçının bu işləri fiziki olaraq çatdırması mümkün deyil”.
Pərviz Məmmədov qeyd etdi ki, məhkəmə icraatçılarının maddi-texniki imkanları da zəifdir, bəzən ünvanlara getmək üçün nəqliyyat vasitəsi belə çatışmır:
“İcraatçıların əmək haqları da aşağıdır. Eyni zamanda, onların borcların yığılmasında maraqları yoxdur. Onlar sadəcə öz vəzifə borclarını yerinə yetirirlər ki, bunu da fiziki olaraq çatdırmırlar. Əgər bankın, problemli kreditlərin alınması ilə məşğul olan əməkdaşı aldığı hər borca görə, müyyən məbləğdə bonus alırsa, məhkəmmə icraatçıları belə mükafatlardan məhrumdurlar”.
Pərviz Məmmədov banklara tövsiyə etdi ki, işlərin məhkəməyə verilməsi gecikdirilsin, məhkəməsiz borcun alınması üçün bütün mümkün imkanlardan istifadə olunsun.
Hüquqşünas bunu da əlavə etdi ki, son vaxtlar verilmiş bütün təminatsız kreditlərə görə, əmlak müsadirə etmək mümkün olmur. Borcluların çoxu əmlakı olmayan gənclər və digər təbəqələrdən olanlardır ki, ən pis halda onların ölkədən çıxışına qadağa qoyulur. (Marja)