Ali qurum saxta seçkini yüksək səviyyədə tanıdı
Noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkiləri müstəqillik dövrünün ən biabırçı seçkisi kimi tarixə düşdü. Ölkə ictimaiyyəti və dünya həmrəylik göstərərək seçkini boykot etdi. Seçiləcək şəxslərin siyahısının əvvəlcədən məlum olmasına, yüzlərlə saxtakarlıq faktlarının ortaya çıxmasına, namizədlərə qarşı təzyiqlərə baxmayaraq, müqəddəs MSK-mız “seçilmişlər”ə xeyir-dua verdi. Bəli, milyonlarla vətəndaşın boykot etdiyi, lətifələr, karikaturalar üçün mövzuya çevrilən parlament seçkiləri təsdiqləndi. Yalnız 1 dairədə nəticələr ləğv olundu ki, bunun da Eldar Mahmudov faktoru ilə əlaqədər olduğu bildirildi. MSK sədri Məzahir Pənahov da bildirdi ki, yalnız müraciətlərə baxılacaq. Yəni mətbuatda, sosial şəbəkələrdə “meydan sulayan” saxtakarlıq faktları nəzərə alınmayacaq.
Amma bu ölkədə MSK-dan da mötəbər bir qurum var. Daha doğrusu ölkənin ən ali bir qurumu var ki, yekun qərarı bu qurum verməliydi. Bəli, əzəmətli Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini müzakirə edib, hökm çıxarmalıydı. Ötən gün belə də olub. Konstitusiya Məhkəməsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirib. Konstitusiya Məhkəməsi iclasda seçkilərin yekun nəticələrini təsdiqləyib. Yəni yığışıblar, müzakirə ediblər, müşavirə otağına gediblər və ağır araşdırmalardan sonra qərar veriblər ki, seçkilərdə şəffaflıq at oynadıb.
Həmişə belə olur. Bizim əzəmətli məhkəmələrimiz saxtakarlıqlara müsbət rəy verir. Ardınca isə Avropa Məhkəməsi saxtakarlıqları üzə çıxarır və dövlət təzminat ödəməyə məhkum olur. Deməli, Avropa Məhkəməsinin qərarını həm də qəbul etmiş olurlar. Yəqin ki, bu dəfə də xeyli şikayətlər Avropa Məhkəməsinə göndəriləcək və MSK-nın, Konstitusiya Məhkəməsinin sifarişli hökmlərinə “quş” qoyulacaq.
Əslində, çox acınacaqlı vəziyyətdir. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, bu ölkədə Konstitusiyanın özünü lazımsız kağız parçasına çeviriblər. Ona görə də məhkəmədən obyektiv qərar gözləmək də sadəlövhlük olardı. Hansıki, Konstitusiya Məhkəməsi MSK-nın görmək istəmədiyi saxtakarlıq faktlarını araşdırmalı, bu məhkəmənin özünə göndərilən müraciətləri incələməli, neqativ halları göz önündə tutmalıydı. Ən azı kobud saxtakarlıqların qeydə alındığı dairələr ləğv edilməli, saxtakarlığın iştirakçısı olmuş adamlar cəzalandırılmalıydı. Amma bura Azərbaycan olduğuna görə və hökumətimizin “öz yolu” olduğu üçün, ədalətin təntənəsi arzu olaraq qalır.
Bu da bizim ali qurum sayılan Konstitusiya Məhkəməmiz. Bir daha təsdiqlənir ki, bu ölkədə bütün məhkəmələrin hakimi Prezident Aparatıdır. Ümumiyyətlə, bu ölkədə bütün məhkəmələri ləğv etmək lazımdır. Hökumətin başında oturanlar qara mantiya geyinib, bütün mübahisəli məsələlərə yekun qiymət versin.
Beləliklə, ən alçaldılmış seçki, ən yüksək səviyyədə bəyənildi. Konstitusiya Məhkəməsi 125 nəfərin təyinatını möhürlədi.
İlham