Fikrət Məmmədov iddia edir ki, Azərbaycanla bağlı qərarlar qərəzlidir və məhkəmə sisteminə kölgə salmaq üçün verilir
Müzəffər Baxışov: «Azərbaycanda ədalətli məhkəmə sisteminin mövcudluğunu deməklə özümə hörmətsizlik etmiş olaram»
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarına etiraz edib. Ədliyyə naziri “Respublika” qəzetinə müsahibəsində deyib ki, Avropa Məhkəməsinin qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, Azərbaycanın məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək və onun fəaliyyətinə kölgə salmaq üçün verilib. Fikrət Məmmədovun sözlərinə görə, Avropa Məhkəməsində Azərbaycandan olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən 65 faiz aşağıdır. Başqa sözlə, nazir Azərbaycan məhkəmələrinin Avropa dövlətlərilə müqayisədə daha yaxşı fəaliyyət göstərdiyinə işarə vurub.
“Hüquqi dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov isə qətiyyən bu fikirlə razılaşmır. Hüquqşünasın sözlərinə görə, Azərbaycanda məhkəmə sisteminin acınacaqlı durumu nəinki bizlərə, hətta beynəlxalq təşkilatlara da məlumdur. Müzəffər Baxışov hesab edir ki, Azərbaycanda məhkəmələrin fəaliyyətini Avropa Məhkəməsinə göndərilən şikayətlərlə dəyərləndirmək doğru deyil.
“Avropa ölkələrilə müqayisədə Azərbaycandan gedən şikayətlərin sayının az olması mümkündür. Amma bu o demək deyil ki, Azərbaycanda məhkəmə sisteminin fəaliyyəti qənaətbəxşdir, məhkəmələri ədalətli qərarlar çıxarırlar. Ölkədəki bütün hüquqi müdafiə prosedurları başa çatandan sonra Avropa Məhkəməsinə müraciət etmək olar. Bunun üçün də müəyyən maliyyə vəsaiti lazımdır. Insanlar da işi Avropa Məhkəməsinə aparıb çıxarmaq üçün müqavilə bağlamalı, vəkillərə ödənişlər etməlidir. Bəzi insanların maliyyə imkanı olmadığı üçün onlar həmin məhkəməyə müraciət edə bilmirlər”, – deyə Müzəffər Baxışov bildirib.
Hüquqşünas qeyd edir ki, Azərbaycanda Avropa Məhkəməsinin təbliğatı yox səviyyəsindədir: “Fikrət Məmmədovun rəhbərlik etdiyi Ədliyyə Nazirliyi insanlara xüsusi xidmət təşkil edərək, vətəndaşların Avropa Məhkəməsinə çıxış imkanlarını təmin etməlidir. Ölkə məhkəmələrinin süründürməçiliyindən bezən insanlar artıq Avropa Məhkəməsinə müraciət etməkdən imtina edirlər. Dünyanın inkişaf etmiş ölkələrində yaşayan vətəndaşlar isə Avropa Məhkəməsinə çıxış imkanlarına, bunun üçün lazım olan maliyyə vəsaitlərinə sahibdilər, onlara göstərilən hüquqi xidmətin səviyyəsi yüksəkdir. Bu səbəbdən də onlar narazı qaldıqları iş üzrə rahat şəkildə Avropa Məhkəməsinə müraciət edirlər: ”Azərbaycanda məhkəmə sistemi bərbad vəziyyətdədir. Azərbaycanda ədalətli məhkəmə hakimiyyətinin mövcud olduğunu deməklə özümə hörmətsizlik etmiş olaram”.
Nigar