Oktyabr ayı ərzində azərbaycanlılar qonşu ölkədə 77 mənzil sahibi olub.
2015-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 645 mənzil alıb.
ANS PRESS-in məlumatına görə, təkcə oktyabr ayı ərzində azərbaycanlılar qonşu ölkədə 77 mənzil sahibi olub. Ümumilikdə isə sentyabr ayında həmvətənlərimiz qonşu ölkələrdən 56, avqustda isə 54 mənzil alıblar.
Bundan başqa, İraq, Səudiyyə Ərəbistanı, Rusiya və Küveyt vətəndaşları da Türkiyənin daşınmaz əmlak bazarına maraq göstərirlər.
Türkiyənin müvafiq qurumlarının statistikasına görə, İraq vətəndaşları Türkiyədə 430, Səudiyyə Ərəbistanı vətəndaşları 325, Rusiya vətəndaşları 191 mənzil alıblar.
Lakin Türkiyədən fərqli olaraq Azərbaycanda vəziyyət tamam başqadır. Ölkədə daşınmaz əmlakın qiyməti nisbətən ucuzlaşsa da, nəinki xarici, eləcə də yerli vətəndaşlar da bu sahəyə maraq göstərmirlər. Onlar da xarici ölkələrdə mülk sahibi olmağı üstün tuturlar.
“Value and Sources” konsaltinq şirkətinin direktoru Rəşad Əliyev ANS PRESS-ə açıqlamasında bildirb ki, Türkiyədə mənzil alan vətəndaş sonradan daha çox gəlir əldə etmək şansı qazanır.
“Türkiyədə xarici vətəndaşların ölkədə daşınmaz əmlak almasına icazə verilməsi haqqında qanun qəbul edilməsi mənzil bazarını canlandırıb. Kommersiya maraqları da buna müsbət təsir edib. Bir çoxları buradakı evlərini icarəyə verərək qazanc əldə edirlər. Həmçinin bəzi insanlar Türkiyəyə yaşayış yeri kimi baxırlar və ilin bir hissəsini orada yaşamağa üstünlük verirlər.”
Rəşad Əliyevin fikrincə, azərbaycanlıların bu bazara olan marağı həyat səviyyəsi ilə bağlıdır. “2007-2008-ci illərdə Azərbaycanda həyat səviyyəsi nisbətən yüksəldi. Bundan başqa, 2011-ci ildən sonra insanlarda kapital formalaşıb. Həmin kapitalın yerləşdirilməsi zərurəti, eyni zamanda həyat səviyyəsinin yüksəlməsinə görə insanların istirahətə, xaricə olan marağı da artıb”, – deyə o bildirib.
Onun sözlərinə görə, üstünlüyün məhz Türkiyəyə verilməsi buradakı turizm imkanları, ölkənin yaxınlığı, danışıq dilinin uyğunluğu ilə də bağlıdır.
Lakin bütün bunlara baxmayaraq, xarici vətəndaşlarda Azərbaycanın daşınmaz əmlakına maraq yaratmaq mümkündür. Bunun üçün ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək lazımdır. Çünki ölkəyə investisiya qoyuluşu artarsa, əcnəbilərin də ölkəyə işgüzar səfərləri artacaq.
Məhz bu vətəndaşlar müntəzəm olaraq səfər etdikləri ölkədə daimi yaşayış yerinin olmasında maraqlı olacaqlar. Beləliklə, iqtisadi inkişaf nəticəsində əmlak gəlir gətirmə qabiliyyətli olacaq. Bunun sayəsində nəinki xarici vətəndaşlar, həmçinin azərbaycanlılar da daşınmaz əmlaka gəlir mənbəyi kimi baxacaqlar.