Ariz Abduləliyev: «Hardasa biz Sirus Təbrizlinin dediklərinin üstünə gəlib çıxırıq»
“Təəssüf ki, hakim partiya son hadisələrlə bağlı heç bir bəyanat vermir. Dünən də, bu gün də prezidentin sərəncamı ilə vəzifədən gedənlər, ictimai qınaq hədəfinə tuş gələnlər, rüşvətxorluq, dələduzluq, vəzifədən sui-istifadə, dövlət əmlakını mənimsəmə kimi qanunsuz hallara yol verənlər, təəssüf ki, hələ də partiya üzvlüyündə qalırlar.
Elə hansı isə ”görünməz əl” onlara himayədarlıq göstərir”. Bu sözləri modern.az-a müssahibəsində “91-lər”in üzvü Ariz Abduləliyev YAP-ın “MTN işi”lə bağlı susmasına münasibət bildirərkən deyib. O, əlavə edib ki, cəmiyyət partiyadakı belə təsadüfi adamlar, ölkə qanunlarını pozanlar haqqında birmənalı mövqe, açıqlama gözləyir: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifədən qanunsuz əməllərinə görə azad edilən məmurlar, o cümlədən, YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri vəzifəsindən qovulan Məhəmməd Məmmədov hələ də YAP-ın üzvlüyündə saxlanılırlar. YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sinəsini sipər edib YAP-la bağlı bütün sualları cavablandırır…
Halbuki, YAP-da o qədər şöbələr var, başqa cavabdeh şəxslər var, deputatlar, o cümlədən ideoloji sektor var, yerli təşkilat sədrləri var. Niyə bütün məsələlərlə bağlı ancaq Siyavuş Novruzov danışır? Mənim Siyavuş Novruzovun çıxışlarına heç bir iradım yoxdur, ona çox böyük hörmətim var. Amma partiyada danışacaq başqa adamlar da olmalıdır axı! Bu gün YAP baş verən hadisələrlə bağlı bəyanat verməlidir. Bu qədər insan istintaqa cəlb edilib, bəziləri həbsdədir, amma bu üzvləri haqqında partiya hələ də susur. Mən düşünürəm ki, dövlət maraqları olan yerdə, Prezidentin, YAP sədrinin mövqeyi birmənalı olduğu halda, kimlərsə partiyanın nizamnaməsinə ikili münasibətə yol verilməməlidir. Ictimaiyyətə açıq olan belə hadisələrdə qanunlara zidd mövqe tutan məmurlara – YAP üzvlərinə partiya öz nizamnamə tələbləri ilə yanaşmalı, onları təcili üzvlükdən kənarlaşdırmaq barədə qərarını ictimaiyyətə açıqlamalıdır. Partiyanın nüfuzunu qorumaq onun hər bir üzvünün nizamnamə borcudur.
Amma neçə illərdir bunun əvəzində cəmiyyətimiz nəyi görür? Baxanda görürsən ki, bu adamların bəziləri, ya da onlarla cinayət əlaqələrində olan şəxslər hələ də YAP üzvüdürlər. Əli Abbasovun, Elnur Aslanovun, “paralel dövlət”də və “MTN işi”ndə adı keçənlərin, digər cinayət əməlləri törədənlərin hamısının hələ də YAP-ın üzvü olaraq qalması ictimaiyyətdə, elə YAP-çılar arasında da haqlı olaraq çoxlu suallar, narahatlıq doğurmaya bilmir. Belə adamları niyə partiyadan kənarlaşdırmırlar?! Bu qədər cinayətlərin qarşısında YAP cəmiyyətə bir açıqlama vermir. Halbuki, bu hüquqa-zidd əməlləri törədənlərin çoxu elə YAP-ın üzvləridir. Amma bir fağır, ziyalı, mədəni bir adam YAP haqqında tənqidi fikir bildirən kimi buna tez reaksiya verir, hətta üzvlükdən kənarlaşdırırlar”.
Ariz Abduləliyev bildirib ki, YAP-ın məşhur simalarından olan mərhum Sirus Təbrizlinin vaxtilə hakim partiya haqqında dedikləri özünü doğruldub: “Sirus Təbrizli YAP-da kifayət qədər nüfuzu olan şəxsiyyət idi. Sadəcə olaraq, Sirus Təbrizli partiyanın və cəmiyyətin gələcəyi ilə bağlı olayları bir qədər qabaqlamışdı. Onun proqnozları özünü doğrultdu. Bilirsiniz ki, Sirus Təbrizli YAP-da simasız quldurlar, rüşvətxorlar olduğunu bəyan etmişdi. Zaman gəldi, biz doğurdan da gördük ki, fəaliyyətində neqativ, dövlətəzidd hallar olan partiya üzvlərinin bəzilərin əməlli-başlı qanunsuzluqlarla məşğuldurlar.
Özü də bu insanlar YAP üzvüdürlər. Hardasa biz Sirus Təbrizlinin dediklərinin üstünə gəlib çıxırıq”.