Bu gün AŞPA Sosial Məsələlər Komitəsinin Paris iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edilib.
AŞPA bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Parlament Assambleyası Ermənistan Parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir, bu rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və deputatların mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirir. (apa)