AXCP sədrinin müşavirinin həbsilə əlaqədar yaxın vaxtlarda Avropa Məhkəməsinə müraciət olunacaq
AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsilə əlaqədar yaxın vaxtlarda Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək. Bu barədə “Azadlıq”a Məmməd İbrahimin vəkili Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, qətimkan tədbiri ilə bağlı şikayət vermək üçün ölkədaxili son instansiya apellyasiya məhkəməsidir.
Məmməd İbrahimin barəsində ilkin istintaq dövrü üçün 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 3 oktyabr 2015-ci il tarixli qərarından apellyasiya şikayəti verilib. Lakin apellyasiya instansiyası da həmin qərarı qüvvədə saxlayıb.
Bu qərara əsasən, həbs sentyabrın 30-dan hesablandığından iki aylıq müddət noyabrın 30-da başa çatırdı. Lakin noyabrın 13-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında həbs müddətinin daha bir ay – dekabrın 30-na qədər uzadılmasına qərar verib.
Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyilə Hərimanov rayon məhkəməsinin bu qərarından verilən apellyasiya şikayətinə baxılıb. Qapalı keçirilən məhkəmə prosesində Məmməd İbrahim özü də iştirak edib. Həm o, həm də vəkili Yalçın İmanov çıxış edərək, Nərimanov Rayon Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu deyib.
“Həbs müddətinin uzadılması üçün maddi və prosessual əsaslar yoxdur”, – deyə Yalçın İmanov bildirib.
Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib və həbs müddətinin uzadılması barədə qərar qüvvəsində saxlanılıb.
Vəkil deyir ki, Məmməd İbrahimin həbsilə bağlı Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət vermək üçün yalnız bir iş üzrə apellyasiya instansiyasının qərarını gözləyirlər: “Məlum olduğu kimi, Azərbaycan qanunvericiliyi vətəndaşın şübhəli şəxs qismində saxlanılması üçün maksimum müddəti 48 saat müəyyənləşdirib. Məmməd İbrahim sentyabrın 30-da axşam saat 23.30-da şübhəli şəxs qismində saxlanılıb və ona münasibətdə bu müddət oktyabrın 2-də axşam saat 23.30-da başa çatıb. Buna baxmayaraq, həmin müddətdə nə onun barəsində qətimkan tədbiri seçilib, nə də sərbəst buraxılıb. Yalnız oktyabrın 3-də saat 16.00 radələrində məhkəmə onun barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Bu isə o deməkdir ki, məhkəmənin qərarına qədər – təxminən 16 saat ərzində Məmməd İbrahim qanunsuz saxlanılıb. Təəssüf ki, Nərimanov Rayon Məhkəməsi 16 noyabr tarixli qərarı ilə bu barədə şikayətimizi təmin etmədi. Həmin qərardan da apellyasiya şikayəti vermişik. Apellyasiya instansiyasının nəticəsi məlum olandan sonra artıq Konvensiyasının 5-ci maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət göndərəcəyik”.
Xatırladaq ki, Məmməd İbrahim AXCP-dən qovulmuş Razi Nurullayevin dəstəsinin üzvlərindən olan Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs saxlanılıb. Ona qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Təxminən bir ay sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da peyda olub və onlar iddia ediblər ki, guya, Mikayıl Quliyevlə insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham daha da ağırlaşdırılıb. Ona CM-nin 221.2.2-ci maddəsilə ittiham irəli sürülüb. Bu maddədə iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.
Məmməd İbrahim isə ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. O bildirib ki, Mikayıl Quliyev ona yaxınlaşaraq təhqir edib, ardınca da qəfildən zərbə endirib. Bunu həmin vaxt orada olan çoxsaylı şahidlər də görüb.
Aytən Məmmədova