Üstəlik, orta hesabla 1 borclunun 4 bank qarşısında öhdəliyi formalaşıb
Nemət Əliyev: «Əhalinin sosial vəziyyətinin ağırlaşması, hətta xırda kreditlərin də qaytarılmasını mümkünsüz edib»
İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycanda əhalinin 38 faizinin banklara kredit borcunun olduğunu bildirib. Onun Facebook səhifəsində yaydığı məqaləsini təqdim edirik: “Azərbaycanda hər 3 adamdan ən azı 1-nin banklar qarşısında borc öhdəliyi var.
Əgər bu günə qədər banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa deməli siz ölkə əhalisinin 38 faizindən varlısınız.
Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-ə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi var. Müqayisə üçün qeyd edək ki, son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artıb. MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir.
Yekun olaraq onu qeyd etmək istərdim ki, ölkədə hər 3 adamdan ən azı 1-nin banklar qarşısında bu və ya digər qaydada borc öhdəliyi formalaşıb. Əgər sizin banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa deməli siz ölkə əhalisinin ən azı 38 faizindən varlısınız”.
Digər iqtisadçı ekspert Nemət Əliyev deyir ki, əhalinin sosial vəziyyətinin ağırlaşması onların hətta ən xırda kreditləri belə qaytarmasını imkansız edir. Ekspertin sözlərinə görə, son dövrlər ölkənin sosial-iqtisadi həyatında hökumətin yaratdığı təlatümlər belə bir duruma gətirib çıxarıb. Nemət Əliyevin fikrincə, yaranmış vəziyyət problemli kreditlərin qaytarılmasına olan cüzi ümidləri də öldürür: “Insanlar kiçik kreditləri geri qaytarmaq gücündə deyilsə, o zaman nisbətən orta və iri səviyyəli kreditləri necə qaytaracaqlar? Bunun tək yolu qeyri-neft sektoruna dəstək vermək, real nəticəsi olan sosial proqramlar həyata keçirmək, korrupsiya, rüşvət, haqsız rəqabət kimi hallara qarşı real mübarizə aparmaqdır. Hökumətin bu sahədə real addımlar atmamasının göstəricisidir ki, problemlər bu qədər dərinləşib”.
Nigar