«Əliyevdən siyasi məhbuslar üçün mərhəmət istənilməməlidir, siyasi məhbusların qeyd-şərtsiz və dərhal azadlığa buraxılması tələb olunmalıdır»
«Bu həbslər Əliyev və ətrafının tənqidçilərə qarşı bağışlamaz münasibətinin göstəricisidir»
“The Washington Post”da Azərbaycandakı repressiyalardan bəhs edən redaksiya məqaləsi dərc olunub. “Azərbaycanda insan haqları fəallarına qarşı qəddarlıq davam etdirilir” başlıqlı məqalədə Leyla və Arif Yunuslara qarşı baş verənlərin fonunda Əliyev hakimiyyətinin tənqidçilərə qarşı dözümsüzlüyü və ölkədəki repressiv durumdan söhbət gedir. Məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycanda xəstə alim Arif Yunusun həbsdən buraxılması xəbəri alqışlanır, hərçənd, o, ümumiyyətlə, həbs olunmamalı idi.
Onun həyat yoldaşı Leyla Yunusun sadə bir fakta – Azərbaycanda insan haqları uğrunda mübarizəyə cəsarət etdiyinə görə saxta ittihamlarla hələ də həbsdə saxlanması yalnız qəzəb doğura bilər.
60 yaşlı Arif Yunus yüksək qan təzyiqindən əziyyət çəkir. Bu səbəbdən məhkəmə iclaslarında dəfələrlə vəziyyəti pisləşmişdi. Həmin məhkəmə iclaslarının nəticəsi olaraq, o, dələduzluq, vergidən yayınma kimi ittihamlarla 7 il azadlıqdan məhrum edilmişdi. Ailə üzvlərinin sözlərinə görə, o, həbsdə olduğu bir il üç aylıq müddətdə təkadamlıq kamerada saxlanılıb. Arif Yunus noyabrın 12-də Apellyasiya Məhkəməsində həbsdən azad edilib, amma onun səhhəti qeyri-stabil olaraq qalır. Vəkilinin sözlərinə görə, azadlığa buraxılmasına baxmayaraq, Arif Yunusun hüquqi statusunda heç bir dəyişiklik edilməyib – o, paytaxt Bakını tərk edə bilməz.
“Mən susmayacağam, Leyla da azadlığa buraxılana qədər mübarizəni davam etdirəcəyəm”, – deyə Arif Yunus bildirib.
Sülh və Demokratiya Institutunun yaradıcısı və direktoru olan 59 yaşlı Leyla Yunus uzun illər ərzində Azərbaycanda insan haqlarının müdafiəsi uğrunda mübarizənin ön cərgəsində olub. O, həbs olunana qədər həm də Azərbaycandakı siyasi məhbusların siyahısını hazırlayırdı. Leyla Yunus Azərbaycanda insan haqlarının vəziyyətinə görə prezident Ilham Əliyevin rəhbərlik etdiyi rejimi açıq tənqid edirdi. O da dələduzluq, vergidən yayınma kimi ittihamlarla 8 il 6 ay azadlıqdan məhrum edilib. Ona qarşı dövlətə xəyanət ittihamı üzrə isə ayrıca icraata götürülüb. Ümumiyyətlə, Leyla Yunusun həbsi, ona qarşı ittihamlar onu susdurmaq cəhdi kimi qiymətləndirilir.
Leyla Yunus da ağır xəstədir. O, Hepatit C, diabet və böyrək daşlarından əziyyət çəkir. Onun yeriməyində problem yaranıb. Leyla Yunus həmçinin həbsxanada dəfələrlə döyüldüyünü bildirib.
Yunusların qızı, Niderlandda yaşayan Diana “The Washington Post”a bildirib ki, valideynlərinin həbsi və türmədə saxlanıldığı müddət onların ölüm qapısına doğru addımlamasıdır: “Onlar dəmir barmaqlıqlar arxasında ölə bilərlər. Mənim valideynlərimin çox ömrü qalmayıb”.
Leyla və Arif Yunusların həbs olunması, məhkəmədə mühakiməsilə bağlı hər şey özbaşınalıq olub. Bu həm də cənab Əliyev və ətrafının tənqidçilərini bağışlamamasının göstəricisidir. Yunuslar kimi onlarla başqa nümunələr də var.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı bəyan edir ki, hazırda Azərbaycanda ən azı, 20 nəfər vicdan məhbusu var. Cənab Əliyev insan haqlarının tapdanmasına son qoyulması barədə uzun müddətdir ki, xaricdən gələn tələblərə əhəmiyyət vermir. Bu arada, onun silahdaşları noyabrın 1-də keçirilən və azad, ədalətli olmayan seçkilər vasitəsilə “yuxarılar”ın qərarlarını “möhürləmək” funksiyasını yerinə yetirən parlamentdə yerlər qazandılar. Avropa Şurası Parlament Assambleyasının bu seçkini müşahidə edən missiyasının üç üzvü belə bir bəyanat verdi: “Azərbaycanda siyasi azadlıqlara münasibət, o cümlədən, ifadə və media azadlığı, sərbəst toplaşma və birləşmə azadlığının vəziyyəti bu ölkədə azad, demokratik seçkilərin keçirilməsinə imkan vermir”.
Arif Yunusun həbsdən buraxılması humanizm jestidir, amma bunu işin başa çatması ilə qarışdırmamalıdır. Heç kim cənab Əliyevdən siyasi məhbusların buraxılmaması üçün mərhəmət göstərməsini xahiş etməməlidir. Cənab Yunus və digər siyasi məhbusların qeyd-şərtsiz və dərhal azadlığa buraxılması tələb olunmalıdır.