Vidadi Zeynalovun iş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyirmibeşlikləri, qızıl sikkələr, qızıl saatlar, və bir neçə qızıl külçələr tapılıb
Akif Çovdarovun qanunsuz əməlləri barədə yeni məlumatlar
Bir neçə gün əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından əsl xəzinə tapılıb.
Məlumatı “Bizimyol.info” yayıb. Xəbərdə bildirilir ki, axtarışlar zamanı yüksək çinli məmurun qızıl əşyalara böyük marağının olduğu ortaya çıxıb. Belə ki, iş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyirmibeşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd Isveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl saatlar, ona qədər qızıl, brilyant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əskinaslar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.
Məlumatda daha sonra bildirilir ki, Vidadi Zeynalov hakimiyyətdə ən varlı şəxslərdən biri olub. Onun şəhərin müxtəlif yerlərində ondan artıq dəbdəbəli villası, ofis və ticarət mərkəzləri, otelləri restoranları, gözəllik salonları, ölkənin səfalı bölgələrində istirahət mərkəzləri var. Mənbə təkcə onun “varlılar məhəlləsi” adlandırılan Teymur Əliyev küçəsindəki möhtəməş sarayının on milyon dollardan artıq qiymətinin olduğunu qeyd edib. V.Zeynalovun əsas gəliri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə həyata keçirilən infrastruktur layihələrindən çıxıb. Belə ki, ona məxsus çoxlu sayda firma bir qayda olaraq tenderlərdə dəyəri on milyonlarla ölçülən layihələri qazanıb.
Vidadi Zeynalov vəzifəsindən azad edilən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova görə işdən çıxarıldığı bildirilir. Onun qardaşı Vahid Zeynlov Milli Təhlükəsizlik Nazirliyinin tədris mərkəzinin rəisi olub. Son hadisələrdə Vidadi Zeynalov vəzifəsindən azad edilib.
Bu arada redaksiyamıza MTN-in həbs edilən generalı Akif Çovdarov barəsində yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Akif Çovdarovun qanunsuz əməllərinin bir ucu da Bərdəyə gəlib çıxır. Bildirilir ki, Bərdə rayonu, əsasən, Samux kəndi ərazisində 100 (bir yüz) hektara yaxın süni balıqyetişdirmə gölləri vardır. Həmin göllər qurulanda torpaqdan istifadə haqqında qanunun müvafiq maddələri ciddi şəkildə pozulub. Göllərə görə, Samux və Mirzəcəfərli kəndlərinin, 200 hekrardan çox əkin sahəsi, ciddi şəkildə, su qıtlığı ilə üzləşib və sahibkarlar xeyli ziyan çəkiblər. Bu haqda ən müxtəlif ünvanlara yazılan çoxsaylı şikayətlər baxılmaq üçün rayon rəhbərliyinə qaytarılıb və həmişəki kimi cavabsız qalıb. Rayon torpaq şöbəsi isə həmişə eyni cavabı verib: “Bacarırlarsa, özləri həll etsinlər, mənim üstümə niyə göndərirlər”.
Məlumatlara görə, uzun illərdir orda, ildə, min tona yaxın çəki balığı yetişdirilib satılır. Burada görülən bütün işləri, əsasən Samux kənd sakinləri olan iki qardaş yerinə yetirir. Bildirilir ki, Akif Çovdarovun birbaşa maliyəsi və rəhbərliyi ilə görülən həmin işlərdən əldə olunan küllü miqdarda gəlir, vergilərdən yayındırılaraq, tamamilə mənimsənilib.
Kəndin ərazisinin iki hissəsində yerləşən həmin göllərin bir çoxunda nərə balığı da yetişdirilir. Ildə 250-300 ton nərə balığı məhz Çovdarova məxsus yerlərdə, əsasən Bakı və Bakı ətrafında satılıb. Həmin göllərdə 100(yüz) tondan çox nərə balığı vardır. Akif Çovdarov ilişəndən sonra qardaşlardan birinə tapşırılıb ki, həmin balığın izini itirsin. Bunun üçün balıqları xüsusi göllərdən digər göllərə, hətta balıqların tələf olması üçün, hara gəldi axıdırlar. Amma yüz ton nərə balığını itirmək o qədər də asan iş deyil. Həmin məmurun dediklərinə görə, Vüqarın Çovdarovla birbaşa əlaqəsi var və Çovdarovun göstərişləri ilə bir neçə dəfə xarici ölkələrə də gedib.
Əldə etdiyimiz başqa məlumatlara görə, Saatlı rayonunun Musalı kəndində 80 qəbirin dağıdılması da Eldar Mahmudovun dəstəsinin işidir. Musalı kəndinin qəbirstanlığında 80 qəbirin dağıdılması 2012-ci ildə baş verib. Bu barədə xəbəri ilk olaraq Trend yayıb. Bu hadisə AXCP-nin üzərinə atılırdı. Sonradan bəlli oldu ki, olaya görə həbs edilən iki nəfərdən biri YAP üzvüdür və rayondakı Heydər Əliyev parkında bağban işləyir. Sonradan araşdırmalar zamanı bəlli olmuşdu ki, bu xəbərləri MTN yaydırır. Qeyd edək ki, Eldar Mahmudov və dəstəsinin qəbirdağıtma əməliyyatı xəzinə axtarışı ilə bağlı olub. Onların başqa yerlərdə də çoxsaylı qəbir dağıtdığı barədə xəbərlər yayılıb. Musalıdakı hadisə də bu qəbildən olub. Sadəcə Eldar Mahmudovun dəstəsi həm də ölkədə siyasi gərginlik yaratmaqla AXCP-ni hədəfə gətiriblər.
Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev isə bir neçə gün əvvəl ölkədə baş vermiş internet problemi ilə bağlı fikirlərini açıqlayıb.
Mədət Quliyev APA-ya bildirib ki, internet kəsintisi “Delta Telekom”da qısaqapanmadan yaranan yanğın nəticəsində baş verib. “Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur”, – deyə o bildirib.