«Azərbaycan» qəzetinin susqunluğu rəsmi kanalların «sus» deməsinə görədir
Son zamanlar hakimiyyət daxilində baş verənlər, sabiq nazirlər Eldar Mahmudov və Əli Abbasovun vəzifələrindən azad edilməsi, adıçəkilən qurumlarda həyata keçirilən yoxlamalar, həbslər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Yəni, rəsmi şəkildə də vəzifəli şəxslərin ən ağır cinayətlər törətdiyi, quldurluqla məşğul olduğu təsdiqlənir. Amma hökumət mətbuatı bütün bu baş verənlərə göz yumur. Əvvəlki yazılarımızda da bu məsələyə toxunmuşduq. Qeyd etmişdik ki, başqa vaxt müstəqil mətbuata dərs keçmək iddiasında olan, qəzetçilikdən, jurnalistkadan, dövlətçilikdən dəm vuranlar, dövlət əhəmiyyətli hadisələrə susqunluqla münasibət bildirirlər.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov mətbuata açıqlamasında bu susqunluqlarına belə aydınlıq gətirib: “Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir və yalnız dövlət qurumlarından gələn rəsmi informasiyaları yayımlayır. Biz çox azsaylı mətbu orqanlarındanıq ki, yalnız faktlar yoxlanıldıqdan, dəqiqləşdirildikdən sonra və rəsmi qurumlar tərəfindən təsdiq olunduqdan, rəsmi kanalla bizə göndərildikdən sonra onları dərc edirik. Yəni, biz bununla bağlı müsahibələr alıb, rəylər öyrənə və həqiqətə uyğun olan-olmayan fikirləri dərc edə bilmərik. Bizim qəzet bu cür müstəqil araşdırma ilə məşğul olmur.ÿAncaq müstəqil şəkildə biz bu məsələ ilə bağlı araşdırma aparmağa, materiallar hazırlayıb, prosesin içinə nüfuz etməyə çalışmırıq, bu, bizim qəzetin prinsipinə uyğun deyil”,- deyə Bəxtiyar Sadıqov bildirib.
Əslində, baş redaktorun bu açıqlamasında böyük bir etiraf var. Bəxtiyar Sadıqov etiraf edir ki, bugünə kimi rəhbərlik etdiyi qəzetdə vicdanlı insanların aşağılanması, hansısa məmurun “vurulması”, Avropanın söyülməsi, Prezident Aparatından gələn sifariş əsasında baş verib.
Bəli, “Azərbaycan” qəzeti hələ barəsində məhkəmə hökmü olmayan adamlar haqqında şər-böhtan yazıları dərc edib. Müxalifət liderləri haqqında əsassız ittihamlar tirajlayıb. Dünyanın “vicdan məhbusu” kimi qəbul etdiyi adamlara “ermənipərəst”, “vətən xaini” damğası vurub. Amma bütün bunları yazarkən araşdırma aparmaq, yoxlamaq, dəqiqləşdirmək heç kimin yadına düşməyib. Çünki, Bəxtiyar Sadıqovun dediyi kimi yuxarı kanallar bunu tələb edib.
Indi isə hökumət komandasının əsas üzvləri haqqında ağlagəlməz faktlar ortaya çıxıb, ölkənin təhlükəsizlik sisteminin quldur dəstə kimi fəaliyyət göstərdiyi məlum olub, dövlətin milyardları oğurlanıb və “Azərbaycan” qəzeti “zapiska” gözləyir.
Hansıki, “Azərbaycan” adını daşıyan bir qəzetin Azərbaycanın taleyi ilə bağlı baş verənləri tirajlamaması biabırçılıqdır. Bunu pərdələmək üçün gətirilən arqumentlər isə daha biabırçıdır.
Ölkəni silkələyən hadisələrə münasibət bildirmək üçün yuxarı kanaldan icazə gözləyəcəksizinzsə, daha bunun nəyi qəzet oldu? Yaxşı olar ki, qəzetin arxa səhifələri kimi ön səhifələri də “başsağlığı” ilə məşğul olsun.
Bir sözlə, Bəxtiyar Sadıqov bizə başa salmaq istəyir ki, “Azərbaycan” qəzeti öydüklərini və söydüklərin PA-nın göstərişi ilə həyata keçirir. Yəni, qəzetin gündəlik planlaşdırmasını yuxarı kanallar təsdiqləyir. Indiki susqunluq da həmin kanalların “sus” tapşırığına əsasən həyata keçirilir.