Vəkil Adil İsmayılov: “Onun yeganə “cinayəti” Cəmil Həsənlinin qızı olmasıdır”
Noyabrın 19-da Bakı Apelyasiya Məhkəməsində Cəmil Həsənlinin qızı Günel Həsənlinin işinə baxılıb. İlkin instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Vəkillər və Cəmil Həsənli qərarı siyasi hesab etdiklərini bildiriblər.
“Burda oturanların hamısı bilir ki, Günel Həsənli cinayət törətməyib, ən azı ittiham ounduğu cinayəti törətməyib. Onun yeganə “cinayəti” Cəmil Həsənlinin qızı olmasıdır. Əks təqdirdə Günel Həsənli nə məsuliyyətə cəlb olunardı, nə məhkəməyə verilərdi, nə də məhkum olunardı.
Mən təxmin edirəm ki, bu gün burda danışdıqlarım sizin qərarınıza təsir etməyəcək. Çünki bu iş üzrə qərarı Sizin qəbul etmədiyinizi başa düşməyəcək qədər sadəlövh deyiləm. Mən bilirəm ki, bu iş üzrə çıxarılacaq qərarı cinayət işinin matetialları, işdəki sübutlar və ən başlıcası qanunlar müəyyən etmir. Qərar verən şəxs üçün bunların heç bir əhəmiyyəti yoxdur. Çünki qərar işə, əmələ görə yox, konkret şəxsə, daha doğrusu onun atasına görə verilib…”, – deyə Günel Həsənlinin vəkili Adil İsmayılov müdafiə çıxışında bildirib.
Günel Həsənli də özünü təqsirli saymayıb və bunu atasının siyasi fəaliyyətinə görə verilən cəza kimi qəbul edib.
Xatırladaq ki, Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib.
Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb.
Milli Şura Cəmil Həsənliyə qarşı qisasçılığı lənətlədi
Bakı Apelyasiya Məhkəməsi noyabrın 19-da Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində məhkəmə hükmünü qüvvədə saxlayan qərar çıxarıb. Bununla bağlı Milli Şura bəyanat verib.
Bəyanatda deyilir ki, Günel Həsənliyə qarşı birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaq bu işlə bağlı verilmiş siyasi sifarişin növbəti təsdiqidir. Əks təqdirdə Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin aşkar pozuntularla çıxardığı qərəzli hökmü ləğv etməli idi. İşdəki qanunsuzluqları görmək üçün çoxillik hakim təcrübəsinə də ehtiyac yoxdur, bunu orta hüquq təhsili olan istənilən şəxs asanlıqla müəyyənləşdirə bilərdi.
Günel Həsənlinin ittiham olunduğu cinayəti törətmədiyini, işdə istifadə olunan dəlillərin saxtalığını istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya şikayəti zamanı müdafiə tərəfi sübuta yetirib. Bundan başqa, iş üzrə zərərçəkmiş kimi tanınan 87 yaşlı Ədilə Səlimova məhkəmə zamanı şikayətçi olmadığını deyib, ittihamı – guya Günel Həsənlinin avtomobillə vuraraq ona xəsarət yetirdiyini inkar edib. Lakin məhkəmə nə vəkilin göstərdiyi sübutlara, nə də zərərçəkən kimi tanınan şəxsin ifadəsinə məhəl qoyub. Təəssüf ki, Bakı Apelyasiya Məhkəməsi də eyni cür davranaraq, müdafiə tərəfin əsaslandırmalarına baxmadan, işi araşdırmağa “lüzum görməyib” və hökmü qüvvədə saxlayıb.
Milli Şura bildirir ki, bu qərar qanunsuz olmaqla yanaşı, qurumun sədri Cəmil Həsənlidən siyasi mövqeyi və fəaliyyətinə görə qisas almaq üçün verilib. Cəmil Həsənli xüsusən də 2013-cü il prezident seçkisindəki çıxışı ilə birbaşa ölkə başçısı İlham Əliyevin hədəfinə gəlib. Onun arqument dolu sərt ittihamları qarşısında hakimiyyət nümayəndələrinin İlham Əliyevi müdafiə etməkdə necə çarəsiz qaldığı, özlərinə bəraət tapa bilmədikləri yaddaşlardan silinməyib. Görünür, o acı dərsləri İlham Əliyev də unutmayıb və ilk fürsətdəcə Cəmil Həsənlidən qisas almağa göstəriş verib.
Hər hansı ağır nəticəsi olmayan təsadüfi yol nəqliyyat hadisəsinə görə Cəmil Həsənlinin himayəsində iki azyaşlı uşağı olan qızını həbsə məhkum etmək təkcə qanunlara tüpürməyin, qisasçılığın yox, həm də fürsətcilliyin göstəricisidir. Azərbaycan məhkəmələrinin bir sıra hallarda hətta ölümlə nəticələnən oxşar hadisələrə görə bu cür sərt cəzaya əl atmadığını da yada salsaq, Günel Həsənli barəsində çıxarılan hökmün birbaşa atası Cəmil Həsənliyə ağrı yaşatmaq kimi cılız hissdən doğduğu tam aydın təsəvvür olunar.
İlham Əliyev hakimiyyəti Cəmil Həsənlinin cəsarətli və prinsipial müxalifətçilik fəaliyyətini həzm edə bilmir. Cəmil Həsənlinin Azərbaycanda və dünya miqyasında böyük nüfuzu olan görkəmli alim kimi bu rejimin qarşısında duran bir təşkilata – Milli Şuraya rəhbərlik etməsi şübhəsiz ki, İlham Əliyevi və ətrafını narahat edir.
Cəmil Həsənli öz fəaliyyəti ilə bir tərəfdən hakimiyyətin əsas alternativi kimi Milli Şuranın güclənməsi və daha da möhkəmlənməsinə xidmət edir, o biri tərəfdən də İlham Əliyev rejiminin ifşasında sanballı rol oynayır. Onun tənqidi çıxşıları və yazıları hakimiyyətin çürümüş dayaqlarına dəyən sarsıdıcı zərbələrdir. Bütün bunlara görə, hakimiyyət Cəmil Həsənlini hansısa formada “cəzalandırmaq” istəyində olmalıydı və heç də təəccüblü deyil ki, bunun üçün xislətinə uyğun davranaraq ən yaramaz vasitəyə əl atdı – onu övladı ilə sınağa çəkdi.
Lakin hakimiyyət Cəmil Həsənli ilə bağlı bu hesablamasında da yanıldı.Milli Şura sədri övladının qanunsuz və haqsız mühaiməsi qarşılığında özünün prinsipial mövqeyindən bircə addım da geri çəkilmədi. Hətta Günel Həsənli barəsində çıxarılan hökm və onun qüvvəyə minəcəyinə olan yəqinlik də Cəmil Həsənlinin mövqeyinə təsir etmədi. Milli Şura sədri əsl ziyalı və siyasi lider keyfiyyəti ilə xalqa zidd rejimə qarşı mübarizə tempini azaltmadı, onun ifşa etmək işini səngitmədi.
Milli Şura Günel Həsənli barəsində hökmü bir daha lənətləyərək, hakimiyyətin belə idbar üsullarla demokratik qüvvələri yolundan döndərə bilməyəcəyini bəyan edir.
Milli Şura başda İlham Əliyev olmaqla, hakimiyyət mənsublarını dünyada və ölkədə cərəyan edən prosesləri doğru-düzgün qiymətləndirməyə, tarixin ibrət dərslərindən nəticə çıxarmağa çağıraraq, demokratik düşərgəyə, onun liderlərinə, konkret halda Cəmil Həsənliyə qarşı qanundan, sivil siyasi rəqabət şərtlərindən kənara çıxan əməlləri dayandırmağı tləb edir.
Milli Şura bəyan edir ki, həmişə olduğu kimi, bu məsələdə də sonadək Cəmil Həsənlinin arxasındadır və ona lazım olan bütün dəstəyi verəcək.