PA rəsmisi ABŞ-Azərbaycan münasibətlərinə aydınlıq gətirdi
Dəfələrlə yazmışıq ki, Azərbaycan hakimiyyətinin dövlətçilik, idarəetmə, siyasət anlayışı olduqca məhduddur. Bunlar ölkəni “cığal uşaq” təfəkkürü ilə idarə edirlər. Dövlətin taleyində xarici siyasət önəmli yerlərdən birini tutur.
Bunlar isə xarici siyasəti “sən məni mədh eylə, mən də səni mədh edərəm” kimi başa düşürlər. Hökumətimizin unikal kadrlarından olan PA rəhbərinin müavini Novruz Məmmədov “Hesabat” verilişinə müsahibəsində ABŞ-Azərbaycan münasibətlərinə belə aydınlıq gətirib: “ABŞ-la Azərbaycan arasında əməkdaşlığın 3 mühüm tərəfi var. Birincisi, hərbi texniki və təhlükəsizlik sahəsində, ikincisi enerji sahəsində, üçüncüsü demokratiya və insan hüquqları sahəsində. Ilk iki sahədəki əməkdaşlıq yüksək səviyyədədir. Müəyyən anlaşılmamazlıq demokratiya və insan hüquqları sahəsində var. Biz istəyirik ki, Qərb bizə ədalətli mövqe nümayiş etdirsin. Heç olmasa Ağ Ev nümayəndələri ildə bir dəfə desinlər ki, Azərbaycan ABŞ-ın enerji sahəsində çox etibarlı tərəfdaşıdır”.
Deməli, adam etiraf edir ki, digər sahələrdə münasibətlər yaxşıdır, amma demokratiya sahəsində vəziyyət ağırdı. Axı necə ola bilər ki, bir ölkə səninlə hərbi, iqtisadi, təhlükəsizlik sahəsində yüksək səviyyədə əməkdaşlıq etsin, amma demokratiya məsələsinə gələndə qərəzli davransın? Normal məntiq bunu qəbul etmir. Ölkədə siyasi məhbus var, korrupsiya var, monopoliya var, seçki saxtalaşdırılır, azadlıqlar boğulur və.s. Bütün bunları dilə gətirmək, insan haqlarına hörmət tələb etmək, ikili standartların göstəricisi ola bilməz.
Novruz Məmmədovun sonrakı fikirləri daha tragikomik səslənir. Deyir, bizim istədiyimiz odur ki, ABŞ ildə bir dəfə “Azərbaycan yaxşı tərəfdaşdır” söyləsin. Yəni, iqtisadi sahədə ABŞ-ın dediklərini yerinə yetirdiyimizə görə, ölkədəki qanunsuzluğa göz yumulsun.
Göründüyü kimi bunlar dövlətin imicini, xarici siyasətin uğurunu öz avtoritar zehniyyətləri ilə ölçürlər. Novruz Məmmədovun məntiqi ilə yanaşsaq Eldar Mahmudova haqq qazandırmaq lazımdır. Çünki, Eldar Mahmudov da uzun illərdi siyasi hakimiyyətə sədaqət nümayiş etdirirdi, hakimiyyətin sifarişi ilə insanlara işgəncə verdirirdi, müxalifətçiləri şantaj etdirdi və hesab edirdi ki, bütün bunlardan sonra istədiyi quldurluğu da edə bilər. Yəni, hakimiyyətin müəyyən maraqlarını təmin etməsi, Eldar Mahmudovda, MTN generallarında qanunsuz əməllər törətməyə arxayınlıq yaratmışdı. Bu adamlar özlərini sığortalı hesab edirdilər və düşünürdülər ki, hökumət həmişə bunlara “afərin” deməyə borcludur.
Indi Novruz Məmmədov da deyir ki, biz seçkini saxtalaşdıraq, fərqli fikir söyləyənləri şərləyib həbsə ataq, seçkini saxtalaşdıraq, korrupsiyanı çiçəkləndirək, məhkəmələri sifariş yerinə yetirən orqana çevirək, amma ABŞ bizə “afərin” desin.
Bəli, dünya ilə münasibətləri də ölkədəki idarəetmə prinsiplərinə uyğunlaşdırmaq istəyirlər. Istəyirlər ki, ABŞ- da bunların “standart”ına cavab versin və müəyyən enerji sahəsindəki əməkdaşlığa görə demokratiyanı qurban versin.
Həm də ki, bu hökumət yaltaqlığı yüksək qiymətləndirdiyi üçün, dünya ölkələrinin da bunlara xoş söz deməsindən xoşallanır. Hətta Jirinovski kimi Azərbaycan xalqını təhqir edən adam da, Ilham Əliyev haqqında bir neçə xoş söz söyləməklə, rejimin sevimlisinə çevrildi.
Bir sözlə, PA rəsmisi hakim zehniyyətin hansı səviyyədə olduğunu bir daha ortaya qoydu.
Samir