Hakimiyyətin inkişaf təbliğatı necə ifşa olunur?
Hamı razılaşar ki, bu ölkədə xoş xəbər eşitmək mümkünsüz olub. Hakimiyyət inkişaf, sabitlik, tolerantlıq təbliğatı aparsa da, reallıq göstərir ki, ölkənin bütün sahələrində böhran hökm sürür. Yəni hər gün kiminsə intihar etdiyini, kiminsə mülkünün söküldüyünü, kiminsə şərlənib həbs olunduğunu eşidirik. Eyni zamanda ölkədə valyuta ehtiyatlarının azaldığını, ixtisarlar getdiyini, bankların çökdüyünü, kriminal hadisələrin artdığını eşidirik. Demək istəyirik ki, rəsmi təbliğat çiçəklənmə üzərində qurulsa da, reallıq olduqca qaradır.
Xüsusən son vaxtlar baş verənlər göstərir ki, ölkəni idarə edən komanda tamamilə yararsızdır və bu yararsız mənzərinin rəssamı birinci şəxsdir.
Bəli, MTN-də baş verənlər göstərdi ki, ölkənin əsas strukturlarından biri olan qurum cinayət yuvası imiş. Yüksək rütbəli generallar ağlagəlməz quldurluqlar edirmişlər. Indi də keçmiş rabitə naziri Əli Abbasov haqqında da eyni ssenari yazılır və artıq mətbuat, telekanallar bu adamın yarıtmaz işlər gördüyünü, nazirliyin MTN-lə birgə qanunsuz addımlar atdığını tirajlayırlar. Hətta Əli Abbasov vəzifədən azad edilən kimi Şüvəlandakı milyonluq villasının şəkilləri yayıldı. Onu da qeyd edək ki, artıq Rabitə Nazirliyinin bəzi əməkdaşları da həbs olunub.
Diqqət etsək görərik ki, Ilham Əliyevin prezident kimi ilk sərəncamları Eldar Mahmudov və Əli Abbasovu nazir təyin etməklə bağlı olub. Yəni ölkə başçısı prezidentliyinin ilk dövründə bu adamlara etimad göstərib. Indi isə etiraf olunur ki, bu adamların rəhbərliyi altında nazirliklər cinayət yuvasına çevrilib və uzun illər bu quldurluqlar davam etdirilib.
Amma məsələ təkcə bununla da bitmir. Eyni hallar Müdafiə Nazirliyində də baş verdi. Nazirliyin ən əsas strukturlarında korrupsiya faktları aşkar edildi, məsul şəxslər həbs olundu. Səfər Əbiyev vəzifədən azad edildikdən sonra isə hökumətyanlılar daha ağır ittihamlar səsləndirməyə bşladı. Nəqliyyat Nazirliyində də eyni ssenari baş verdi. Ziya Məmmədov hələ də nazir postunda qalsa da xeyli səlahiyyətlər əlindən alındı və nazirliyin tikdiyi komplekslərin, yolların bərbad gündə olması etiraf edildi. Yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyinat alan Səlim Müslümova nazirlikdəki bataqlığı qurutmaq tapşırığı verildi. Deməli, Füzuli Ələkbərovun rəhbərliyi altında bu nazirlik də çürümə verirmiş. Yeni nazir isə etiraf edir ki, rüşvətin kökünü kəsmək müşkül məsələdir. Kənd təsərrüfatı sahəsindəki korrupsiya faktları da heç kimin yadından çıxmayıb. “Aqrolizinq”dəki yeyintilərlə bağlı geniş məqalələr yazıldı.
Proses davam edir və qarşıda nələrin olacağı bəlli deyil. Məlum olan odur ki, bütün məmurlar milyonçuya çevrilib və vəzifədən azad edilənlər ən kasıb kadrlardı.
Demək istəyirik ki, hakimiyyət komandası bütövlükdə eyni çirkabın içindədir və ortaya çıxan faktlar da bunu sübut edir. Bəli, Ilham Əliyev də etiraf edir ki, kadrları, məsul vəzifələrə təyin etdiyi adamlar korrupsionerdi, cinayətkardı və dövləti zəiflədir.
Fakt budur ki, ortaya çıxarılacaq müsbət nümunə yoxdur. Elə bir vəzifəli şəxs yoxdur ki, cəmiyyətin simpatiyasını qazanmış olsun, ölkə vətəndaşı onu təmiz adam kimi tanısın və s.
Bir sözlə, komandanın “sandığı” açıldıqca məlum olur ki, ölkə idarə olunmur, sadəcə olaraq dövlətin sərvətlərini şəxslər mənimsəyir.
Normal ölkələrdə belə hökumətlər könüllü istefaya gedir, vətəndaşlardan üzr istəyir və məğlubiyyətlə barışır.
Əliyev hakimiyyətində isə belə bir ənənə yoxdur. MTN-dən tutmuş, Müdafiə Nazirliyinə qədər bütün strukturlar cinayət yuvasına çevrildiyi halda, ölkə başçısı uğurlu inkişafdan, dünyanın bizə paxıllıq etməsindən danışır. Hətta 92-93-cü illəri də yada salaraq, hərc-mərclikdən şikayətlənir. Ancaq bu cinayət törətmiş adamlar Əliyevin kadrlarıdır və birbaşa məsuliyyəti də o daşıyır. Onun ölkə vətəndaşına təqdim etdiyi komanda göz qabağındadır.
Samir